Rəşad Nəbiyev: "Azərbaycan üçün nəqliyyat dəhlizləri sadəcə xəritə üzərində xətt deyil"
- 19 may, 2026
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan üçün nəqliyyat dəhlizləri sadəcə xəritə üzərində bir xətt deyil.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə bu, insanların növbəti onilliklər, bəlkə də əsrlər ərzində necə yaşayacaqları barədə bir qərardır: "Bu gün çəkdiyimiz hər kilometr dəmir yolu, hər metr avtomobil yolu gələcəyimizi necə formalaşdıracağımız barədə seçimlərdir. Gələcəyimizi formalaşdırmaq dedikdə, mən təkcə cəmiyyətləri deyil, həm də düşüncə tərzimizi, xidmət göstərmə üsullarımızı və iqtisadi fəaliyyətimizi necə quracağımızı nəzərdə tuturam. Biz əlaqəliliyi insan potensialına yatırım kimi qəti şəkildə görürük".
Nazir qeyd edib ki, Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi təəccüblü deyil: "2021-ci ildən ölkə Prezidentin rəhbərliyi altında biz Azərbaycandan yan keçmək imkanı olan yüklərin ərazimizdən keçməsini təmin edə bildik. Tranzitdə təxminən iki dəfə artım müşahidə etdik və keçən il ərazimiz üzərindən təxminən 17 milyon ton yükün daşındığının şahidi olduq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən yola düşən qatarlar 15-18 gün ərzində Türkiyə sərhədinə çata bilir".
Nazir dəhlizlərin ətrafında yeni logistika mərkəzləri, azad iqtisadi zonalar və şəhər mərkəzlərinin formalaşdığını da sözlərinə əlavə edib.