Riad Qasımov: "Paytaxtın memarlıq mühitinin keyfiyyətinin yüksəldilməsi əsas prioritet olaraq qalacaq"
- 12 yanvar, 2026
- 18:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının davamlı inkişafı, müasir şəhərsalma yanaşmaların tətbiqi və memarlıq mühitinin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərindən biri olaraq qalacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov İdarənin 2025-ci ilin yekunlarına və 2026-cı il üçün plan və hədəflərə həsr olunmuş geniş müşavirədə çıxışı zamanı bildirib.
"Qarşıda bizi daha məsuliyyətli və intensiv mərhələ gözləyir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu sahədə aparılan islahatların daha da dərinləşdirilməsini və yeni keyfiyyət mərhələsinə keçidi zəruri edir", - R.Qasımov qeyd edib.
O vurğulayıb ki, şəhərsalma nəzarəti mexanizmlərinin gücləndirilməsi, tikinti proseslərinin qanunvericiliyə tam uyğunluğunun təmin edilməsi və şəhər mühitinə təsir edən risklərin vaxtında qarşısının alınması əsas vəzifələrdəndir: "Eyni zamanda, yaxın illərdə paytaxtda icrası nəzərdə tutulan irimiqyaslı layihələr üzrə koordinasiyanın gücləndirilməsi, qabaqlayıcı planlaşdırma və kompleks yanaşmaların tətbiqi diqqət mərkəzindədir".
Baş İdarə rəisinin sosial şəbəkədə etdiyi paylaşımında qeyd edib ki, müşavirədə əsas müzakirə mövzularından biri də tikintiyə icazə və istismara qəbul proseslərinin sadələşdirilməsi, onun çevikliyinin və şəffaflığının daha da artırılması olub: "Elektron xidmətlərin təkmilləşdirilməsi, Elektron Tikinti Portalının funksionallığının genişləndirilməsi və müraciətlərin operativ, vətəndaş məmnunluğu prinsipləri əsasında icrası bizim üçün prioritet olaraq qalır. Məqsədimiz hər zaman olaraq Bakının Baş Planına uyğun, dayanıqlı, insan yönümlü və müasir şəhər mühitinin formalaşdırılmasını ardıcıl şəkildə davam etdirməkdir".