Qorxmaz Hüseynov: "Fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9%-ə yüksəlib"

İnfrastruktur
  • 07 fevral, 2018
  • 12:14
Qorxmaz Hüseynov: Fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9%-ə yüksəlib

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən il “Azərsu” ASC tərəfindən 1366 km magistral və şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. 

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-də 2017-ci ilin və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclasda qurumun sədri Qorxmaz Hüseynov bildirib. 

Onun sözlərinə görə, qeyd edilən addımlar çərçivəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9%-ə, Bakı şəhəri üzrə isə 81,5%-ə yüksəlib. 

“Azərsu” ASC-nin sədri 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb: "Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub”.