Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Aktau-Bakı reysinə başlayıb
- 31 mart, 2022
- 21:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 1-də Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakı şəhərinə birbaşa ilk reys həyata keçirib.
“Report” xəbər veririk ki, 2018-ci ildə təsis edilən “FlyArystan” Qazaxıstanın ilk loukoster aviaşirkətidir.
“FlyArystan”ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, “Airbus A320” komfortlu təyyarələrlə Azərbaycanın paytaxtından Aktau şəhərinə birbaşa reys yerinə yetiriləcək.
“Şəhərlər təsadüfən seçilməyib. Belə ki, hər iki şəhər neft regionudur. Biz münasib qiymətlərlə rahat gediş təşkil edirik. Eyni zamanda Aktau şəhəri iş mərkəzi olmaqla yanaşı, turistlər üçün sevimli yerdir”, - deyə M. Bujinova əlavə edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov isə bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Aktauya birbaşa uçuşlar həftənin iki günü yerinə yetiriləcək. O, Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, dünyanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.
Biletləri mobil tətbiq vasitəsilə və ya aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.
Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau - Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.