Qarriqan: Asiya-Sakit okean regionunda 700 milyona yaxın insan gecəqondularda yaşayır

İnfrastruktur
  • 20 may, 2026
  • 15:35
Qarriqan: Asiya-Sakit okean regionunda 700 milyona yaxın insan gecəqondularda yaşayır

Qeyri-rəsmi məskunlaşmaların miqyası, həmçinin artan iqlim riskləri Asiya-Sakit okean regionunda həyat keyfiyyətini müəyyən edən əsas amillər olaraq qalır.

"Report" xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) nümayəndəsi Kört Qarriqan (Curt Garrigan) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bütün dünya üzrə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyard insanın təxminən 700 milyonu məhz Asiya-Sakit okean regionunun payına düşür ki, bu da həmin amili bu ərazidəki həyat səviyyəsinin qiymətləndirilməsi baxımından müəyyənedici edir:

"Rəsmi və qeyri-rəsmi yaşayış yerləri arasındakı dərin bərabərsizlik sosial xidmətlərə və hüquqi müdafiəyə əlçatanlıqdakı fərqlərin əsasında dayanır. Bu böhran onilliklər ərzində formalaşıb və uzunmüddətli sistemli həll yollarının hazırlanmasını tələb edir".

K.Qarriqan əlavə edib ki, əhalinin adekvat mənzillə təmin edilməsi şəhərlərin dayanıqlı inkişafının əsas elementi olaraq qalır, lakin "adekvatlıq" anlayışının özü mütləq şəkildə unikal regional kontekstə uyğunlaşdırılmalıdır.