Qarlı hava Bakı avtovağzalının işinə təsir etməyib

İnfrastruktur
  • 16 dekabr, 2016
  • 06:44
Qarlı hava Bakı avtovağzalının işinə təsir etməyib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Azərbaycan ərazisində müşahidə edilən qarlı hava şəraitində sərnişinlərin bölgələrə çatdırılmasında çətinlik çəkməyib. Bunu "Report"a BBAK-ın növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar heç bir avtobus reysi təxirə salınmayıb: "Lakin əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı azalıb. Avtobus reysləri qrafik üzrə yerinə yetirilir. BBAK təhlükəsizlik tədbirləri ilə əlaqədar son reyslərini saat 18:00-da reallaşdırır".

M.Abdullayev təhlükəsiz tədbirləri çərçivəsində avtobus sürücülərinin də təlimatlandırıldıqlarını qeyd edib.

Xatırladaq ki, hava şəraiti ilə əlaqədar təhlükəsizlik nəzərə alınaraq BBAK-dan ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. Avtobuslar Ağsu aşırımından keçmir. Nəqliyyat vasitələri Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir hissəsi ilə hərəkət edir.