Palata: "Qiymətləndirmə hesabatlarının vahid bazaya daxil edilməsi məcburi ola bilər"
- 24 iyun, 2026
- 16:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qiymətləndirmə hesabatlarının vahid məlumat bazasına daxil edilməsi məcburi xarakter ala bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda qiymətləndiricilər məlumatları portala könüllü şəkildə yerləşdirirlər və bu səbəbdən məlumat bazasının formalaşdırılması prosesində çətinliklər yaranır: "Portalın istifadəyə verilməsindən altı ay keçməsinə baxmayaraq, bütün qiymətləndiricilər məlumatları sistemə daxil etmirlər. Bəziləri qanunda belə tələb olmadığını bildirir, bəziləri isə məlumatları yerləşdirməkdə maraqlı deyil. Hazırda "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişikliklər hazırlanır və həmin dəyişikliklər çərçivəsində məlumatların vahid bazaya daxil edilməsinin məcburi olması nəzərdə tutulur".
O qeyd edib ki, Azərbaycanda riskli hesab edilən kommersiya obyektlərinin alqı-satqısı zamanı əlavə qiymətləndirmə mexanizminin tətbiqi nəzərdən keçirilir: "Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılıb və ilkin mərhələdə layihənin kommersiya obyektlərini əhatə etməsi məqsədəuyğun hesab edilib. Belə qərara gəldik ki, hələlik kommersiya obyektlərindən başlayaq. Xüsusilə də bazar qiymətindən əhəmiyyətli dərəcədə yuxarı və ya aşağı göstərilən, şübhə doğuran əməliyyatlar üzrə notariuslar sənədləri qiymətləndirmə üçün Palataya göndərsinlər. Layihənin uğurlu nəticə verməsi halında bu təcrübənin digər daşınmaz əmlak növlərinə də tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Beynəlxalq təcrübədə daşınmaz əmlakın alqı-satqısından əvvəl qiymətləndirilməsi geniş yayılıb".