Pakistanlı nümayəndə: WUF13-də müxtəlif ölkələrin urbanizasiya təcrübəsini öyrənirik

İnfrastruktur
  • 18 may, 2026
  • 12:41
Pakistanlı nümayəndə: WUF13-də müxtəlif ölkələrin urbanizasiya təcrübəsini öyrənirik

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasında (WUF13) urbanizasiya problemləri, iqlim dəyişikliyi və bunun yaratdığı çətinlikləri həll etmək üçün bir araya gəlinib.

Bunu "Report"a açıqlamasında Pakistanın Pəncab əyaləti Mənzil və Şəhərsalma Agentliyinin Baş Direktoru İsgəndər Zişan deyib.

O qeyd edib ki, Pakistan WUF13-də Pəncabdakı aşağı gəlirli mənzil sahəsində həyata keçirdiyi fəaliyyəti təqdim edir:

"Pakistan burada "Mənim Damım, Mənim Evim" proqramını təqdim edir. Bu proqram vasitəsilə Pəncabda 100 000-dən çox insan mənzillə təmin olunub və təxminən 60 000 nəfər üçün isə prosedurlar davam etdirilir. Hazırda bu, dünyada ən böyük inkişaf edən faizsiz aşağı gəlirli mənzil maliyyələşdirmə proqramlarından biridir".

O bildirib ki, Pakistan həmçinin forumda digər ölkələrin təcrübələrini də öyrənir:

"İstər memarlıq əsaslı, istər tikinti materialları ilə bağlı, istərsə də fəlakətlərə davamlılıq sahəsində həyata keçirilən təşəbbüslər barədə digər ölkələrin təcrübəsini öyrənirik".

O qeyd edib ki, "Urban Expo" sərgisində qurulan Pakistan Pavilyonu, əsasən, insanlara bu ölkənin təqdim etdiyi ev modelinə uyğun şəkildə qurulub:

"Bu pavilyonun məqsədi bütün interaktiv materialları və tədqiqat işlərini nümayiş etdirməkdir. Biz həmçinin vizual ekranlar hazırlamışıq və burada həmin layihənin necə dünyanın ən böyük mənzil layihələrindən biri olduğunu göstəririk. Pakistan qlobal səviyyədə öz uğur hekayəsini qeyd edir".