Orta Dəhlizin biznes üçün potensialı ilə bağlı müzakirələr planlaşdırılır
- 29 aprel, 2024
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan və Çin şirkətləri üçün mayın 13-də keçiriləcək vebinarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) biznes imkanları müzakirə olunacaq.
“Report” bu barədə Belçika-Çin Ticarət Palatasına istinadən xəbər verir.
“Palata Qazaxıstanın Benilyuks Ticarət Palatası ilə birlikdə Qazaxıstan və Çin şirkətləri üçün “Transxəzər dəhlizi: Biznesiniz üçün imkanlar” mövzusunda vebinar təşkil edəcək”, - məlumatda qeyd olunub.
Tədbir TBNM-in hazırkı vəziyyətinin, onun Avropa, Qazaxıstan və Çin şirkətləri üçün potensial imkanlarının, eləcə də Avropa İttifaqının Mərkəzi Asiya və Çin ölkələri ilə münasibətlərinin və iqtisadi əlaqələrin şaxələndirilməsinin biznesə potensial təsirinin müzakirəsinə həsr olunacaq.
“Çindən Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrindən keçməklə, Xəzər dənizi ilə Avropaya uzanan TBNM nəqliyyat və transsərhəd ticarət üçün getdikcə daha vacib vasitəyə çevrilir. Qərbi Çin və Avropa arasında ən qısa yol kimi Rusiyadan ərazisindən keçən Şimal Dəhlizinə və cənuba istiqamətlənən okean marşrutu üçün əla alternativdir. Üstəlik, Mərkəzi Asiya kommunikasiya qovşağı kimi getdikcə daha çox əhəmiyyət kəsb edir”, - məlumatda qeyd edilib.
Vebinarda Belçika-Çin Ticarət Palatasının sədri Bernard Devit, Belçikanın Qazaxıstandakı səfiri Anri Vantiqem, Qazaxıstan və Çin şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulub. Həmçinin Avropa Qonşuluq Şurasının (ENC) idarəedici direktoru Samuel Doveri Vesterbayanın təqdimatı olacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, daha sonra Türkiyə və ya Qara dəniz vasitəsilə Avropaya birləşdirən multimodal şəbəkədir. Layihənin icrasına 2013-cü ildə başlanılıb. Gələcəkdə bu xüsusi marşrutun Çin mallarının Avropaya çatdırılma müddətini 3 dəfə azaldacağı nəzərdə tutur.