Orta Dəhliz üzrə Azərbaycan dəmir yolları ilə daşınan yüklərin həcmi bu il 6 % artıb

İnfrastruktur
  • 20 oktyabr, 2025
  • 18:38
Orta Dəhliz üzrə Azərbaycan dəmir yolları ilə daşınan yüklərin həcmi bu il 6 % artıb

Azərbaycan dəmir yolları ilə 2025-ci ilin yanvar-sentyabr aylarında Şərq-Qərb (Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə daşınan yüklərin həcmi 6 % artaraq 2 milyon 651 min tona çatıb.

Bu barədə "Report" "AZCON Holding"a istinadən xəbər verir.

"Bu dövrdə Bakı Limanı vasitəsilə konteyner aşırmaları 40 % artaraq 77 min TEU təşkil edib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) üzrə isə quru yolla daşınan yüklərin həcmi 70 % artaraq 1 milyon 019 min tona, tankerlə daşımalar 11 % artaraq 3 milyon 346 min tona, Xəzərdən kənar daşımalar isə 191 % artaraq 1,1 milyon tona yüksəlib", - məlumatda deyilir.

Xatırladaq ki, 2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.

Son xəbərlər

Bütün Xəbər Lenti