Nigar Arpadarai: Şəhərləri gələcək nəsillər üçün daha təmiz və dayanıqlı etmək vacibdir
- 20 may, 2026
- 16:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərləri gələcək nəsillər üçün daha təmiz, daha dayanıqlı və daha inklüziv etmək vacibdir və bunda parlamentlərin rolu böyükdür.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusuna həsr edilmiş parlament üzvlərinin dəyirmi masasında deyib.
O qeyd edib ki, qanunvericilik və tənzimləmə vasitəsilə məsuliyyətli şəhər davranışı üçün stimullar yaratmaq ön plandadır:
"Biz innovasiya və yaşıl texnologiyalar tətbiq edən müəssisələri dəstəkləməyə, təkrar emal və dayanıqlı təcrübələri təşviq etməyə çalışırıq.
Azərbaycanda şəhər inkişafından danışarkən Azərbaycanın ən böyük şəhərlərindən biri olan milli əhəmiyyətli Bakını qeyd etməmək mümkün deyil. Bununla bərabər, Şərqi Zəngəzurda bərpa-quruculuq işləri də aparılır. Bu şəhərlər "ağıllı şəhər" yanaşmasına uyğun qurulur".