Nazir müavini: "Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir"
- 10 yanvar, 2025
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3,4 min km-ə yaxın olan avtomobil yolları inşa edilir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
"Nəqliyyat sahəsindəki bugünkü uğurlar 20 illik səmərəli işin nəticəsidir. Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar, gördüyü işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb. Respublika üzrə 20 767 km uzunluğunda avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi, 45 ədəd tunel tikilib. Görülmüş işlərin nəticəsidir ki, 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilib. Ümuilikdə ölkə ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5 % artaraq 14,8 milyon tona çatıb, o cümlədən dəmir yolu ilə tranzitdə 7,3 milyon ton artım qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə artım 31 % olub. Ötən il metropoliten üzrə sərnişindaşıma 5 % artaraq 230 milyon nəfərə, dəmir yolu ilə sərnişindaşıma isə 8,5 milyon nəfərə çatıb. “BakuBus” MMC üzrə artım 20 % və yaxud 148 milyon nəfər olub. 2024 cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı 13,7 % artaraq 13 miyard manata çatıb”, - deyə o qeyd edib.