Muxtar Babayev: "Suyun səmərəli istifadəsi bizi su qıtlığına adaptasiyada daha dayanıqlı edəcək"

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 11:58
Muxtar Babayev: Suyun səmərəli istifadəsi bizi su qıtlığına adaptasiyada daha dayanıqlı edəcək
Muxtar Babayev

Suyun hər kubmetrinin səmərəli istifadəsi insanları su qıtlığına adaptasiya prosesində daha dayanıqlı edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

Prezidentin nümayəndəsi bildirib ki, Azərbaycanda suyun məsuliyyətli istifadəsi əsas mövzu olmalıdır: "Son illər su ehtiyatlarının düzgün istifadəsi daha da vacib məsələyə çevrilib: "Son bir ildə yeni alətlər tətbiq olunub və onların nəticəsində yalnız ötən dövrdə 16 milyon kubmetr suya qənaət olunub. Bu kifayət qədər böyük göstəricidir".

M. Babayev vurğulayıb ki, buzlaqların əriməsi, çaylarda sululuğun azalması və yağıntıların qeyri-bərabər paylanması iqlim dəyişikliyinin yaratdığı əsas təsirlərdəndir: "Bütün bunlar bizi məsuliyyətli istehlak mədəniyyətinə sövq edir. Bu günün əsas mövzusu suyun məsuliyyətli istifadəsi olmalıdır".

M. Babayev həmçinin COP30 barədə də danışıb: "COP30 dünyanın ən zəngin su ehtiyatlarına sahib ölkəsi olan Braziliyada – Amazon çayı üzərində yerləşən Belen şəhərində keçiriləcək. Təbii ki, su ilə bağlı təşəbbüslər də gündəmdə olacaq. Amma istənilən halda suyun düzgün istifadəsi ən zəngin su resurslarına sahib ölkələrdə belə əsas prioritet olaraq qalacaq".