MİDA Sumqayıtda iki ədəd doqquzmərtəbəli bina tikir

İnfrastruktur
  • 03 fevral, 2020
  • 13:02
MİDA Sumqayıtda iki ədəd doqquzmərtəbəli bina tikir

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisini həyata keçirir. 

Bu barədə “Report”a MİDA-dan məlumat verilib.

Bu binalarda ümumilikdə 144 mənzil olacaq. Onlardan 36-nın birotaqlı, 72-nin ikiotaqlı, 36-nın üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.

Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.