Mərkəzi Asiya ölkələrinin konteynerlərlə təmin olunmasında avadanlıq disbalansı mövcuddur
- 10 sentyabr, 2025
- 12:23

Mərkəzi Asiya ölkələrinin konteynerlərlə təmin olunmasında ən böyük problemlərdən biri avadanlıq disbalansıdır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın "MSC Georgia LLC." şirkətinin idarəedici direktoru Alkan Alicik Bakıda keçirilən "Qara-Xəzər dənizi yükdaşıma forumu: dəhlizlər, yüklər, infrastruktur" forumunda bildirib.
Onun sözlərinə görə, şirkət hazırda boş konteynerlərini Bakı Beynəlxalq Dəniz Limanında toplayır: "Biz Azərbaycanı və Mərkəzi Asiya ölkələrini logistika ilə bağlı avadanlıqlarla təmin edirik. Bu gün Mərkəzi Asiya konteynerlərlə təmin olunmasında ən böyük problemlərdən biri avadanlıq disbalansıdır. Bu istiqamətdə fəaliyyət göstərməklə Mərkəzi Asiyada bu problem üçün həllər yaratmağa kömək edirik".
O qeyd edib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır: "Bunu göstərmək məqsədilə yaxın vaxtlarda Bakıda nümayəndəlik açacağıq".