Memar: Hündür və sıx tikililər şəhərlərdə "beton istilik effekti" yaradır
- 08 may, 2026
- 16:29
Hündür və sıx tikililər hava axınlarını kəsir, şəhərlərdə "beton istilik effekti" yaradır və mikroiqlim balansını pozur.
"Report" xəbər verir ki, bunu bərpaçı-memar Ədalət Məmmədov Dövlət Ekoloji Ekspertiza Agentliyində "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə zamanı deyib.
O bildirib ki, qədim şəhərsalma ənənələrində "küləyin müəyyən edilməsi" prinsipi xüsusi həssaslıqla nəzərə alınıb:
"Bu, konkret bir ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır. Azərbaycan dilində buna "küləklər qrafiki" və ya "külək istiqamətləri diaqramı" da deyilir. Bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur. Memarlar və urbanistlər binanın yerləşdirilməsi, pəncərələrin istiqaməti, həyətlərin planlanması və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər".
Onun sözlərinə görə, İçərişəhər bunun ən uğurlu nümunələrindən biridir: "Belə ki, küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır".
Memar qeyd edib ki, Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır, bu isə tarixən gigiyenik və sanitar baxımdan müsbət mühit formalaşdırıb.
Onun fikrincə, məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə edilməyib.
Memar bildirib ki, eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt Xəzri küləyinin birbaşa təsirini zəiflədir. Nəticədə ərazi yayda nə həddindən artıq isti, nə də qışda çox sərt iqlim hiss etdirir.
Ə.Məmmədov vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi, lakin müasir tikinti layihələrinin bir çoxunda bu amillər kifayət qədər nəzərə alınmır: "Gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir".