Malayziyalı nazir: Şəhərləşmənin əsas prinsipləri insan amili və mənzil təminatıdır

İnfrastruktur
  • 17 may, 2026
  • 13:37
Malayziyalı nazir: Şəhərləşmənin əsas prinsipləri insan amili və mənzil təminatıdır

Şəhərləşmənin əsas prinsipləri insan amili və mənzil təminatıdır.

"Report" xəbər verir ki, bunu Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya Assambleyasında deyib.

O bildirib ki, münasib qiymətə və əlçatan mənzillərin inşası hökumət siyasətinin prioritet istiqamətlərindən biridir:

"Malayziyada vətəndaşların 77 faizi ev sahibidir. Hökumətimiz yeni yaşayış evlərinin tikintisini davam etdirir. Xüsusilə, aztəminatlı ailələrin mənzillə təmin olunması üçün müxtəlif layihələr həyata keçirilir".

Nazir qeyd edib ki, yaşlı insanların sosial və iqtisadi rifahının artırılması, ilk dəfə ev alan şəxslər üçün güzəştli kredit mexanizmlərinin tətbiqi kimi təşəbbüslər də gündəmdədir:

"Hökumətlərin əsas vəzifələrindən biri vətəndaşların həyat standartlarını yüksəltmək və əsas xidmətlərə çıxışı təmin etməkdir. Bu baxımdan, bələdiyyələr və yerli idarəetmə qurumları xüsusi rola malikdir".

Nqa Kor Minq ekoloji dayanıqlılıq məsələlərinə də toxunub.

O bildirib ki, mənzillərdə günəş enerjisindən istifadənin genişləndirilməsi, keyfiyyətli yaşayış məkanlarının və parkların yaradılması istiqamətində işlərin aparılması zəruridir:

"Bununla yanaşı, iqlim dəyişikliyi və geosiyasi proseslərin şəhərsalma siyasətinə təsiri əsas amillərdən biri kimi nəzərdən keçirilməlidir".