Kürdəmirdə əlli il əvvəl tikilən yol bərbad vəziyyətə düşüb - REPORTAJ

İnfrastruktur
  • 14 noyabr, 2022
  • 11:05
Kürdəmirdə əlli il əvvəl tikilən yol bərbad vəziyyətə düşüb - REPORTAJ

Kürdəmir rayonunun Muğanlı kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna müraciət edən kənd sakinləri uzun illərdir yol problemi ilə üzləşdiyini bildiriblər.

Onların sözlərinə görə, uzun illərdir bu çətinliklərlə yaşamaq məcburiyyətində qalıblar.

Muğanlı kəndi rayon mərkəzindən 15 km aralıda yerləşir. Bu məsafənin 11 km-lik hissəsi Bakı-Qazax yolunun, 4 km-lik hissəsi isə kəndin daxili yolunun payına düşür. Kəndə gedən yol, təqribən, 50 il bundan əvvəl sovetlər dönəmində çəkilib və uzun müddətdir istismar müddətini başa vurub.

Sakinlər deyir ki, kəndin yol problemi onların gündəlik həyatında müəyyən çətinliklərin yaranmasına səbəb olur. İstər piyadalar, istər sürücülər, istərsə də məktəblilər bu yolun yararsız olmağından çox əziyyətlər çəkirlər. Kənd camaatı söyləyir ki, qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət etmək mümkünsüz olur: "Yolda çalaların dərinliyi isə işimizi daha da çətinləşdirir. Sürücülər bu yolda hərəkət edən zaman yoldakı çalalar onlara avtomobillərini idarə etməkdə çətinliklər yaşadır. Onlar hər dəfə öz avtomobilləri ilə rayon mərkəzinə gedib gəldikdən sonra avtomobillərində texniki nasazlıqlar yaranır və hər dəfə xərcə düşməli olurlar. Yollarda yaranan bu dözülməz vəziyyət kənd camaatını təngə gətirib".

Sakinlər bildirib ki, yolun mövcud vəziyyətilə əlaqədar aidiyyatı qurumlara müraciət etsələr də, bu günədək problemin aradan qaldırılması istiqamətində heç bir təşəbbüs göstərilməyib.

Kürdəmir Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, adı çəkilən yolun layihəsi planlaşdırılıb: “Artıq layihə hazırdır və növbəti illərdə rayonun bir neçə kəndinə, o cümlədən Muğanlı kəndinin 4 km-lik hissəsinə asfalt örtüyü salınacaq”.