Kolbaya: Gürcüstanda torpaqların sistemli qeydiyyatı yolu ilə qeyri-rəsmi yaşayış məskənləri qanuniləşdirilib
- 20 may, 2026
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan hökuməti məcburi köçkünlərin, gənc ailələrin və azyaşlı uşaqları olan ailələrin mənzillə təmin edilməsinə yönəlmiş irimiqyaslı sosial proqramların fəal icrasını davam etdirir.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin (SUDA) rəhbərinin birinci müavini Tinatin Kolbaya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
O xatırladıb ki, 1990-cı illərin münaqişələri nəticəsində Abxaziya və Cənubi Osetiyadan 300 minə yaxın məcburi köçkün Gürcüstanın digər regionlarına köçürülüb. Səhiyyə və Sosial İşlər Nazirliyi məcburi köçkünlər üçün mənzil tikintisini davam etdirir və onları əlçatan mənzillə təmin edir.
Bununla paralel olaraq, dövlət gənc ailələrə və bir yaşınadək uşağı olan ailələrə dəstək məqsədilə ipoteka kreditlərini subsidiyalaşdırır.
T.Kolbayanın sözlərinə görə, Tbilisi meriyası şəhərin tarixi rayonlarında qəzalı vəziyyətdə olan mənzillərin və mədəni irs obyektlərinin bərpası proqramlarını həyata keçirir: "Şübhəsiz ki, şəhər mühitinin yenilənməsi prosesində biz centrifikasiya çağırışları ilə üzləşirik, lakin bu problem bu gün əksər inkişaf etməkdə olan ölkələr üçün aktualdır".
Sonda SUDA nümayəndəsi əlavə edib ki, Gürcüstan Dünya Bankının dəstəyi ilə torpaqların sistemli qeydiyyatı üzrə layihəni artıq başa çatdırıb. Onun sözlərinə görə, bu islahat vətəndaşlara öz evlərinə mülkiyyət hüquqlarını rəsmiləşdirməyə imkan verərək, qeyri-rəsmi yaşayış məskənlərinin qanuniləşdirilməsinin yaxşı nümunəsinə çevrilib.