Keniyalı nazir: Dayanıqlı urbanizasiya əvvəlcədən planlaşdırma və maliyyələşdirmə tələb edir
- 19 may, 2026
- 17:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasının keyfiyyətcə yeni mərhələyə çıxarılmasını təmin etmək lazımdır.
"Report" xəbər verir ki, bunu Keniyanın torpaq resursları, ictimai işlər, mənzil tikintisi və şəhər inkişafı naziri Elis Mutoni Vahome Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.
"Mən Bakıda COP29-da iştirak etdim və biz həqiqətən də müzakirələr apardıq və belə bir razılığa gəldik ki, dayanıqlılıq problemi – icmaların idarə edilməsinin necə həyata keçirilməsi, sonradan onların həyat fəaliyyətinə necə təsir göstərilməsi – birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki dayanıqlılıq və adaptasiya əsas tərkib hissələrinə çevrilir.
Buna əsaslanaraq, gördüyümüz işləri təhlil edərkən əvvəlcədən planlaşdırmanın zəruriliyini etiraf etmək lazımdır, çünki əhali artıq bizim tam yaxınlığımızda yaşayır. Şəhər ərazilərimizdə artıq formalaşmış icma ilə qarşılıqlı əlaqədə olmaq lazım gəldikdə, məsələ əhəmiyyətli dərəcədə mürəkkəbləşir, çünki onun təminatı üçün tələb olunan infrastruktur nəhəng maliyyə yatırımları tələb edir. İnsanların artıq şəhərlərimizdə məskunlaşdığı bir şəraitdə gecikmiş – bəzən isə vaxtında edilməyən müdaxilə isə maliyyələşmə məsələsini kritik dərəcədə əhəmiyyətli edir", - nazir qeyd edib.
E. Vahome əhəmiyyətli maliyyə resurslarının cəlb edilməsini təmin etməyə qadir olan alətlərə dair razılaşmaların əldə olunması, eləcə də bu maliyyələşmənin birgə səfərbər edilməsi üçün hüquqi, inzibati və tənzimləyici mexanizmlərin müəyyənləşdirilməsi zərurətinə diqqət çəkib.
"Bununla belə, ədalətin əsas rol oynadığını, diqqət mərkəzində insanların dayandığını və bu evlərin insanları sığınacaqla təmin edəcəyini unutmayaraq – bütün bunlar üzv dövlətlər üçün, ölkələr üçün prioritet istiqamətə çevrilir, bu, kabinet naziri kimi mənim üçün prioritetə çevrilir, ölkəmiz Keniya üçün prioritetə çevrilir. Məhz buna görə də mən bu təşəbbüsə dəstəyimi ifadə etmək və WUF13-ün təşkilinə görə UN-Habitat-a və Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm", - nazir bildirib.