Kanada əlçatan mənzil sahəsində Azərbaycanın təcrübəsini öyrənməyi planlaşdırır

İnfrastruktur
  • 18 may, 2026
  • 15:06
Kanada əlçatan mənzil sahəsində Azərbaycanın təcrübəsini öyrənməyi planlaşdırır

Kanada əhalinin əlçatan mənzillə təmin olunması sahəsində Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin praktik təcrübəsini öyrənməkdə maraqlıdır.

Bu barədə "Report"a Kanadanın Mənzil Tikintisi, İnfrastruktur və İcmalar Nazirliyinin mənzil tikintisi və evsizliklə mübarizə sahəsində hökumətlərarası və xarici tərəfdaşlıqlar üzrə baş direktoru Çeri Reddin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

Ç.Reddin vurğulayıb ki, Kanada tərəfi üçün prioritet istiqamətlər inklüzivlik və inklüzivliyin göstəricisi kimi mənzilin qiymət baxımından əlçatanlığıdır: "Bununla əlaqədar hazırda bizim əsas diqqətimiz məhz əlçatan mənzillərə yönəlib. Kanada təcrübəsində mənzil o zaman "əlçatan" hesab edilir ki, ona çəkilən xərclər ümumi illik gəlirin təxminən 30 %-ni aşmasın. Lakin reallıqda Kanada vətəndaşlarının əhəmiyyətli hissəsi mənzil ehtiyaclarına gəlirlərinin xeyli hissəsini xərcləmək məcburiyyətində qalır. Bu baxımdan biz təklifin artırılması hesabına daha çox əlçatanlığı təmin etmək və bazar amillərinin təzyiqini zəiflətmək üçün ölkədə mənzil tikintisinin miqyasının genişləndirilməsi üzrə tədbirləri fəal şəkildə həyata keçiririk. Məhz buna görə də biz bu sahədə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin təcrübəsini öyrənməkdə maraqlıyıq. Bu, bizə əhalinin real ehtiyaclarına və gözləntilərinə cavab verən yanaşmalar formalaşdırmağa imkan verəcək".

Ç.Reddin qeyd edib ki, Kanada BMT platformasında əməkdaşlığı davam etdirmək, öz təcrübəsini bölüşmək və eyni zamanda digər ölkələrin ən yaxşı təcrübələrini öyrənərək əldə olunan bilikləri Kanada reallıqlarına uyğunlaşdırıb milli səviyyədə tətbiq etmək niyyətindədir.

44 - Tezliklə