Kambocalı nazir: WUF13 dünya şəhərlərinin ümumi problemlərinin həllinə zəmin yaradacaq

İnfrastruktur
  • 17 may, 2026
  • 11:06
Kambocalı nazir: WUF13 dünya şəhərlərinin ümumi problemlərinin həllinə zəmin yaradacaq

WUF13 dünyanın müxtəlif şəhərlərinin qarşılaşdığı ümumi problemlərin həll yollarını tapmağa zəmin yaradacaq.

Bunu "Report"a açıqlamasında Kamboca Baş nazirinin müavini, torpaq idarə etməsi, şəhərsalma və tikinti naziri Say Samal Bakıda keçirilən WUF13 çərçivəsində deyib.

Onun sözlərinə görə, insanlar WUF13-də yaranacaq fürsətlərdən istifadə edib yeni ideyalar ortaya qoyacaq:

"Bəlkə də hazırda dünyanın müxtəlif şəhərlərinin qarşılaşdığı ümumi problemlərin həll yolları tapılacaq. Bildiyiniz kimi, dünyanın fərqli şəhərlərinin müxtəlif - infrastruktur məsələləri, infrastruktur üçün investisiya çatışmazlığı, təhsil, rəqəmsal infrastruktur, narkotik istifadəsi - kimi problemləri var. Ümid edirəm ki, insanlar bu fürsəti ciddi şəkildə dəyərləndirəcək və yeni, real həll yolları tapmağa çalışacaqlar".

Nazir keçirilən növbəti WUF görüşlərində artıq bir neçə problemin həll olunacağına ümidli olduğunu vurğulayıb: "Çünki bunlar hər hansı ölkənin öz məsələsi deyil, qlobal miqyaslı problemdir".