ISUH: Mənzil şəraiti sağlamlıq və iqlim riskləri ilə birbaşa bağlıdır
- 19 may, 2026
- 16:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil şəraiti sağlamlıq və iqlim riskləri ilə birbaşa bağlıdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Şəhər Sağlamlığı Cəmiyyətinin (International Society of Urban Health - ISUH) nümayəndəsi Karlos Dora Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil təminatı (yaşayış şəraiti) ilə bağlı bir çox risklər və imkanlar mövcuddur. Bunlar, çirkli yanacaqlardan istifadə edilməsi səbəbindən yaranan hava çirkliliyi, yaşıl sahələrə, dayanıqlı nəqliyyata, mavi sahələrə - dənizə və ya göllərə çıxışın olmaması, yaxud qidaya çıxışın olmaması, iqlim dəyişikliyi baxımından izolyasiya, fəlakətlərə qarşı dözümlülük ehtiyacıdır. Beləliklə, mənzil şəraiti ilə bağlı bütöv bir risklər və imkanlar toplusu var ki, əgər siz həqiqətən əhaliyə fayda vermək istəyirsinizsə, onda onların hamısını nəzərə almalısınız. Müəyyən bir xətti təfəkkürə sahib olmaq və ənənəvi tibb yanaşması ilə "həkimə gedirsən, aptekə gedirsən, müalicə olunursan və qiymətləndirilir" tərzində düşünmək heç bir fayda vermir. Bundan əlavə, bu cür müdaxiləni həyata keçirərkən siz tək bir fərdi müalicə etmirsiniz. Siz, əslində, bir icmanı müalicə edirsiniz. Siz ev təsərrüfatını, onun bütün üzvlərini müalicə edirsiniz, eyni zamanda müdaxilənin ətrafda yaşayan insanlara necə təsir etdiyini də nəzərə alırsınız. Bilirsiniz ki, əgər ev daxilində çirkləndirici yanacaq varsa, bütün qonşularınız bundan təsirlənəcək. Bu səbəbdən, buna bir qrup olaraq baxmaq ehtiyacı var".
"Buna bir qrup olaraq baxdıqda, sizin elə müdaxilələr etmək imkanınız olur ki, onlar həm faydaları, həm də xərcləri və ya yan təsirləri özündə birləşdirə bilsin. Beləliklə, mənzil şəraitindəki müdaxilələrə baxış modeliniz, fərdə yönəlmiş müdaxiləyə baxışdan köklü şəkildə fərqlənir. Deməli, bunun daxilində bizim risklər toplusuna (çoxluğuna), bundan təsirlənən əhaliyə və sonra nəyin nəyə səbəb olduğunu və onların bir-biri ilə necə əlaqəli olduğunu anlamağa imkan verəcək dəyişiklik modellərinə, dəyişiklik nəzəriyyələrinə ehtiyacımız var. Çünki bunu etməsəniz, məqsədi qaçırmış olursunuz və bunun bədəlini (əziyyətini) icmalar çəkməli olur. Beləliklə, biz iqlim üçün birgə faydaları qiymətləndirməliyik, lakin eyni zamanda nəyi əldən verdiyimizə baxmalıyıq. Çünki əgər desəniz ki, "Bu müdaxilə çox yaxşıdır, gəlin bunu edək", bu kifayət deyil. Risk və fayda balansını qorumaq üçün müdaxilələrin miqyasına baxmalı və ümumi faydaların nələr olduğunu görməlisiniz", - deyə qonaq əlavə edib.