İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
- 27 may, 2025
- 21:47
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Bu barədə "Report"a Aeroportun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təyyarənin kapitanı Gürcüstanda, təyinat hava limanında hava şəraitinin əlverişsiz olması səbəbindən Bakı hava limanına eniş üçün müraciət edib. Hava gəmisinin yerli vaxtla saat 21:06-da uğurla eniş etdiyi bildirilir.
Sərnişinlər uçuşla bağlı əlavə məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşaqlarından biri kimi fövqəladə hallarda operativ şəkildə reaksiya verərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroportun fəaliyyəti beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və sərnişinlərin, eləcə də uçuşların təhlükəsizliyi əsas prioritet kimi qəbul olunur.