IOM: İqlim dəyişikliyi və münaqişələr bütün dünyada şəhərlərin simasını dəyişir
- 19 may, 2026
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) artan iqlim böhranı şəraitində inklüziv şəhər həllərinin tətbiqinin tərəfdarı kimi çıxış edir.
"Report" xəbər verir ki, bunu IOM-un iqlim fəaliyyəti üzrə direktoru Rania Şarşar Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.
O vurğulayıb ki, iqlim dəyişiklikləri, silahlı münaqişələr və əhalinin məcburi miqrasiyası bütün dünyada şəhər mühitini əsaslı şəkildə dəyişdirir.
"İqlim çağırışları ilə birgə sürətlənən urbanizasiya mənzil fonduna, infrastruktura və təhlükəsizlik sisteminə böyük təzyiq göstərir. Qeyri-sabitlik zonalarında şəhər inkişafının planlaşdırılması texniki deyil, sülhquruculuğu və dayanıqlı inkişaf prosesləri ilə birbaşa bağlı olan siyasi bir məsələdir.
IOM əhalinin bütün qrupları, o cümlədən miqrantlar, qaçqınlar və qəbul edən icmalar üçün inklüziv və iqlimə davamlı şəraitin formalaşdırılmasında şəhərlərə dəstək verməyə sadiq olduğunu təsdiqləyir", - R. Şarşar bildirib.