İlin sonuna Azərbaycanda içməli su təchizatında sayğaclaşdırma 90 %-ə çatdırılacaq
- 10 sentyabr, 2025
- 12:37

Bu ilin sonuna qədər Azərbaycanda içməli su təchizatında sayğaclaşdırma 90 %-ə çatdırılacaq.
"Report" bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.
Məlumata görə, ölkədə içməli su təchizatında sayğaclaşdırma 2026-cı ildə 95 %-ə, 2027-ci ildə isə 100 %-ə çatdırılması nəzərdə tutulub.
Eyni zamanda, içməli və məişət-təsərrüfat məqsədləri üzrə suya tələbatın ödənilməsi 2025-ci ildə 72 %-dən başlayaraq, 2026-cı ildə 74 %-ə, 2027-ci ildə 85 %-ə, 2030-cu ildə 90 %-ə və 2040-cı ildə 100 %-ə yüksəldiləcək.
Məlumata görə, icməli su təchizatında itkilərin azaldılması da diqqət mərkəzindədir. Bu il ərzində itkilərin 35 %-ə, 2026-cı ildə 34 %-ə, 2027-ci ildə 32 %-ə, 2030-cu ildə 30 %-ə, 2040-cı ildə isə 20 %-ə qədər endirilməsi planlaşdırılır.
Vurğulanıb ki, bu tədbirlər su resurslarının səmərəli istifadəsi və əhalinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədi daşıyır.