"İçərişəhər" metrostansiyasında inşa ediləcək yeni dalan sərnişinlərin hərəkətinə maneə yaratmayacaq

İnfrastruktur
  • 07 noyabr, 2025
  • 11:09
İçərişəhər metrostansiyasında inşa ediləcək yeni dalan sərnişinlərin hərəkətinə maneə yaratmayacaq
Bəxtiyar Məmmədov

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasının arxasında inşa ediləcək yeni dalan qatarlar arasında intervalın azaldılmasına şərait yaradacaq, layihənin reallaşdırılması sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək.

Bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"İşlər elə şəkildə planlaşdırılıb ki, stansiyanın fəaliyyətinə və sərnişin təhlükəsizliyinə təsir göstərməsin. Qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinləri daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir. Bu, metro üçün çox vacib məsələsidir, çünki gələcəkdə xətlərin ayrılması ilə əlaqədar intervalın azaldılması böyük əhəmiyyət kəsb edəcək", - deyə o qeyd edib.

B. Məmmədov əlavə edib ki, inşaat sahəsi stansiyanın qala istiqamətində deyil, əks tərəfdə yerləşəcək: "Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə, sərnişin axınına heç bir təsir etməyəcək. Stansiyanın yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət planlaşdırılmır. Layihənin yer seçimi, texniki həllinə dair işlər yekunlaşmaq üzrədir. Layihələndirmə mərhələsi başa çatmaq üzrədir. İstifadə olunacaq üsullar, inşaat texnologiyaları və görüləcək yeniliklər yaxın dövrdə ictimaiyyətə təqdim olunacaq. Bu ilin sonuna qədər layihə üzrə fəal mərhələyə başlanılması, növbəti ildən isə inşaat işlərinin intensiv şəkildə aparılması gözlənilir".

Son xəbərlər

Bütün Xəbər Lenti