IATA rəhbəri iyunda sərnişin aviadaşımalarına tələbatın azalmasının səbəblərini açıqlayıb

İnfrastruktur
  • 31 iyul, 2026
  • 15:36
IATA rəhbəri iyunda sərnişin aviadaşımalarına tələbatın azalmasının səbəblərini açıqlayıb

2026-cı ilin iyun ayında sərnişin aviadaşımalarına qlobal tələbat illik müqayisədə 1,7 % azalıb, yük seqmenti isə 8,5 % artım nümayiş etdirib.

"Report"un Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi xəbərə görə, iyun ayında sərnişin reyslərinin yüklənmə əmsalı (PLF) 84,2 %-ə çatıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisindən 4,4 faiz bəndi aşağıdır.

"İyun ayında aviadaşımalara qlobal tələbat bir il əvvəllə müqayisədə 1,7 % aşağı olub. Bu, əsasən Çin, ABŞ və Yaponiyanın daxili bazarlarında daşımaların həcminin azalması, eləcə də Yaxın Şərq aviaşirkətlərinin beynəlxalq reyslərinə zəif, lakin tədricən yaxşılaşan tələbatla əlaqədardır. Regionda göstəricilərin yaxşılaşmasına baxmayaraq, gərginliyin yenidən artması bu sahənin bərpasına kömək etmir. Bundan başqa, yanacağın bahalaşması aviabiletlərin qiymətinin artmasına səbəb olur. İnsanlar səyahət etməyə davam edirlər və bu, qlobal iqtisadi artımın vacib amili olaraq qalır. Bununla belə, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi və neft tədarükünün normallaşmasının bütün dünyada aviaşirkətlər, iqtisadiyyat və cəmiyyət üçün perspektivləri yaxşılaşdıra biləcəyinə heç bir şübhə yoxdur", - IATA-nın baş direktoru Uilli Uolş vurğulayıb.

2026-cı ilin iyun ayında qlobal sərnişin aviadaşımaları bazarının regional strukturu belə olub: Afrika - 2,2 %, Asiya-Sakit okean regionu - 34,4 %, Avropa - 26,7 %, Latın Amerikası və Karib hövzəsi - 5,4 %, Yaxın Şərq - 9,5 %, Şimali Amerika - 21,8 %.

2026-cı ilin iyun ayında yük aviadaşımalarının regionlar üzrə bölgüsü aşağıdakı kimi olub: Afrika - 2,1 %, Asiya-Sakit okean regionu - 35,8 %, Avropa - 21,4 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,2 %, Şimali Amerika - 24,6 %.

"Asiya - Şimali Amerika marşrutu üzrə illik artım 14,7 % (bazar payı - 23,5%) təşkil edib; Avropa - Asiya istiqaməti üzrə 7,1 % (21,5 %) artım, Yaxın Şərq-Avropa üzrə 41,1 % (5,2 %) azalma; Yaxın Şərq-Asiya üzrə 4,1 % (7,4 %) azalma, Asiya daxilində 7,2 % (7,3 %) artım qeydə alınıb. Şimali Amerika-Avropa marşrutu üzrə göstərici dəyişməyib, Afrika-Asiya marşrutu üzrə 0,9 % (1,3 %) artım olub", - hesabatda qeyd olunur.