Horadiz–Ağbənd dəmir yolu xətti üzrə görülən işlərin 68 %-i tamamlanıb
- 06 noyabr, 2025
- 15:30
Horadiz–Ağbənd dəmir yolu xətti üzrə görülən işlərin 68 %-i tamamlanıb.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihənin təməli 2021-ci ildə qoyulub və dəmir yolunun uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir: "Layihə çərçivəsində 40 körpü, 9 stansiya, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Tikinti-quraşdırma işləri üç mərhələdə aparılır. Birinci mərhələ Horadiz–Yuxarı lMərcanlı–Şükürbəyli–Soltanlı mənzillərini əhatə edir".
C. Əlövsətov bildirib ki, bu hissə üzrə işlərin böyük əksəriyyəti artıq tamamlanıb: "Hazırda dəmir yolu vasitəsilə Araz İqtisadi Zonasının Sənaye Parkına yüklərin daşınması həyata keçirilir".
O qeyd edib ki, ikinci mərhələ Soltanlı–Qumlaq–Həkəri–Mincivan stansiyalarını əhatə edir: "Bu mərhələdə torpaq işləri və mühəndis qurğularının tikintisi intensiv şəkildə davam etdirilir. Bu hissə Xudafərin hidroqovşağının suyunun maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyi üçün burada müxtəlif tipli körpülər tikilib və xüsusi qoruyucu tədbirlər görülüb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü də məhz bu mərhələdə inşa olunub. Onun uzunluğu 771 metr, 23 aşırımdan ibarətdir".
Onun sözlərinə görə, üçüncü mərhələ üzrə işlər də paralel olaraq davam etdirilir: "Bu mərhələdə torpaq işləri, 3 tunel və 1 qalereyanın tikintisi həyata keçirilir. Tunellərdə tikinti-quraşdırma işlərinin 71 faizi başa çatıb. Hazırda biz dəmir yolunun 99-cu kilometrindəyik. Burada 108 metr uzunluğunda monolit dəmir-beton qalereya inşa olunur. Ərazinin dağlıq və qayalıq olması səbəbindən qaya parçalarının relslərin üzərinə düşmə ehtimalı var, buna görə əlavə qoruyucu qalereya layihələndirilib," – deyə C. Əlövsətov əlavə edib.
O həmçinin əlavə edib ki, ümumilikdə Horadiz–Ağbənd dəmir yolu xətti üzrə 75,6 km, yan yollarla birlikdə 87 km reys-şpal çərçivəsi quraşdırılıb, 66 km uzunluğunda uzun ölçülü reyslərin montajı tamamlanıb: "Layihə üzrə fiziki tərəqqi 68 faiz təşkil edir. Ümumi layihənin tam başa çatdırılması istiqamətində işlər planlı şəkildə davam etdiriləcək"