Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
- 19 may, 2026
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib.
"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda bildirib.
Onun sözlərinə görə, WUF13-də təkcə şəhərlərin bugünkü ehtiyacları müzakirə edilmir: "Bu tədbirə həm də gələcək nəsillərə qoyub gedəcəyimiz yaşayış sahələrini, iqlim dəyişikliyinə qarşı ortaq dayanıqlılığımızı və D8 ölkələri olaraq davamlı inkişaf baxışımızı müzakirə etmək üçün toplaşmışıq".
O qeyd edib ki, Türkiyə D8-i təkcə iqtisadi əməkdaşlıq platforması deyil, ekoloji həmrəyliyi, yaşıl inkişafı və ortaq gələcək baxışı gücləndirmək üçün strateji bir zəmin kimi görür: "Bu gün enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib. Enerji səmərəliliyi yüksək olan binalar, təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturları, ağıllı şəhər tətbiqləri, yaşıl infrastruktur və davamlı mənzil layihələri şəhərlərimizin gələcəyini formalaşdırır".