Gürcüstanın dəmir yollarına yaxın 10 ildə 1,7 milyard dollar pul qoyulacaq
- 05 may, 2026
- 12:33
Növbəti 10 ildə Gürcüstanda dəmir yollarının modernləşdirilməsinə təxminən 1,7 milyard ABŞ dolları investisiya yatırılması planlaşdırılır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, bu barədə "Gürcüstan Dəmir Yolları" SC-nin "Tarixi Yenilənmə" adlı təqdimat mərasimində danışıb.
Hökumət başçısının sözlərinə görə, ötən il dövlət şirkətinin xalis mənfəəti 30 % artıb, yaxın dövrdə mənfəətin daha da artacağı gözlənilir.
Baş nazir qeyd edib ki, ilk dəfə olaraq dəmir yolu sektorunun inkişafı üçün bütün əsas istiqamətləri əhatə edən 10 illik vahid plan hazırlanıb. Bu plan çərçivəsində vaqon və lokomotiv parkının tam yenilənməsi nəzərdə tutulur.
Plan üzrə 50 yeni lokomotiv, 1500 yeni vaqon və 10 sərnişin qatarının alınması planlaşdırılır. Bu addımların yük daşımalarını artıracağı, sərnişin daşımalarında rahatlığı yüksəldəcəyi və səyahət müddətini azaldacağı bildirilib.
Eyni zamanda, dəmir yolu stansiyalarının və infrastrukturun tam modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi, yeni marşrutların yaradılması və Anakliya limanına birləşdirən 18 kilometrlik yeni dəmir yolu xəttinin inşası da planlaşdırılır. Borjomi-Bakuriani dəmir yolunun ("Kukuşka") bərpası da layihəyə daxildir.
İ.Kobaxidze vurğulayıb ki, investisiyalar müxtəlif mənbələrdən maliyyələşdiriləcək və islahatların uğurla həyata keçirilməsi idarəetmədə səmərəlilikdən və korrupsiya ilə mübarizədən asılı olacaq.
Baş nazir çıxışında layihənin icrasında rol oynayan iqtisadiyyat qurumlarına və "Gürcüstan Dəmir Yolları" rəhbərliyinə təşəkkürünü də ifadə edib.