Gerlind Hekman: "İxracatçı ölkələr arasında rəqabət ciddi şəkildə güclənib"
- 06 oktyabr, 2026
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq təchizat zəncirləri getdikcə daha mürəkkəb olub, ixracatçı ölkələr arasında rəqabət ciddi şəkildə güclənib.
"Report" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyində baş direktor müavini Gerlind Hekman Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq təchizat zəncirləri getdikcə daha mürəkkəb və inteqrasiya edilmiş olub: "Eyni zamanda, ixracatçı ölkələr arasında rəqabət ciddi şəkildə güclənib. Buna görə modernləşdirmə paketi əsasən Almaniya ixrac maliyyələşdirməsinin rəqabətədavamlı qalmasını və həm ixracatçılar, həm də borcalanlar üçün uyğun alət olmasını təmin etmək üçün nəzərdə tutulub. Birincisi, "flex and cover" (çeviklik və əhatə) adlanan tədbirdir. Ənənəvi olaraq, Almaniya İxrac Kredit Agentliyi (EKS) dəstəyi üçün uyğunluq fərdi ixrac müqaviləsinin Almaniya məzmunu ilə sıx bağlı idi".
O qeyd edib ki, lakin bu yanaşma həmişə qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin bu gün necə işlədiyini əks etdirmir: "Flex and cover" ilə biz sadəcə olaraq daha geniş bir baxış keçiririk və şirkətin Almaniyadakı ümumi iqtisadi izini qiymətləndiririk. Buraya məşğulluq, sərmayə və dəyər yaradılması kimi amillər daxildir. Bu, Almaniya ixracatçılarına EKS dəstəyinə çıxışı qoruyub saxlamaqla yanaşı, beynəlxalq təchizat zəncirlərini təşkil etməkdə əhəmiyyətli dərəcədə böyük çeviklik verir. Eyni zamanda, yerli alıcılar da bundan faydalanırlar".
G.Hekman əlavə edib ki, ikinci tədbir "shopping line cover" (alış-veriş xətti əhatəsi) adlanan tədbirdir: "Bu alət alıcılara və maliyyələşdirmə banklarına çoxsaylı Almaniya təchizatçılarından alışlar üçün sonradan istifadə oluna biləcək maliyyələşdirmə çərçivəsi qurmağa imkan verir. Bu, borcalanlar üçün təchizat zəncirini daha çevik və səmərəli edir: xüsusilə də tək bir ixracatçı əvəzinə bir neçə Almaniya şirkətindən texnologiya, avadanlıq və xidmətlər tələb edən daha böyük investisiya proqramları üçün. Düşünürəm ki, bu, Azərbaycan üçün də cəlbedicidir. Bu gün bir çox borcalanın müxtəlif maliyyələşdirmə mənbələrinə çıxışı var. Bu mənada çətin məsələ isə uzunmüddətli maliyyələşdirmədir. Məhz EKS tərəfindən dəstəklənən maliyyələşmənin əhəmiyyətli dəyər yarada biləcəyi istiqamət məhz budur".