Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib

İnfrastruktur
  • 29 iyul, 2025
  • 19:15
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb.

"Report" bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, "BakuBus" MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı marşrutlarda qalib olub.

"Azər-Avtonəqliyyat" ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

44 - Tezliklə