Fransalı nümayəndə: "Beynəlxalq yardımların 1 %-dən azı mənzil sektoruna yönəldilir"
- 19 may, 2026
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil probleminin həlli yalnız bazar mexanizmlərinə həvalə edilə bilməz və sosial mənzil siyasətində dövlətin rolu əsas olmalıdır.
"Report" xəbər verir ki, bunu Fransanın Ekoloji Keçid, Biomüxtəliflik, Meşəçilik, Dəniz və Balıqçılıq Nazirliyinin davamlı şəhərsalma üzrə nazirlərarası nümayəndəsi Yves-Laurent Sapoval Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
O qeyd edib ki, müzakirələrdən real fəaliyyətə keçmək üçün mənzil siyasətində siyasi iradə, maliyyə və konkret həll yolları tələb olunur: "Əgər sosial mənzil istəyiriksə, bu, mütləq dövlət siyasəti məsələsi olmalıdır. Hazırda beynəlxalq inkişaf yardımlarının 1 %-dən də az hissəsi mənzil sektoruna yönəldilir. Ölkələr üzrə qiymətləndirmək lazımdır ki, ÜDM-in hansı hissəsi həqiqətən mənzil siyasətinə ayrılır. Bu sahədə bir çox ölkədə təəccüblü mənzərə ortaya çıxa bilər", – deyə o bildirib.
Fransalı nümayəndə əlavə edib ki, bütün ölkələr inklüziv və hər kəsi əhatə edən mənzil siyasəti formalaşdırmalıdır. O, xüsusilə kirayə mənzil siyasətinin bir çox ölkədə diqqətdən kənarda qaldığını qeyd edib: "Dünyada kirayə mənzil sektoru kifayət qədər inkişaf etməyib. Halbuki bu sahə mənzil siyasətinin vacib istiqamətlərindən biridir. "BMT çərçivəsində Hamı üçün adekvat mənzil" qətnaməsi üzrə açıq işçi qrup fəaliyyət göstərir və bu istiqamətdə beynəlxalq təşviqat işləri aparılır. İlk ildə bu prosesə Keniya rəhbərlik edib, hazırda isə Azərbaycan və Somali nümayəndələri təşəbbüsə öncüllük edir. Biz hələ də təşviqata davam etməliyik. Əsas mesaj isə odur ki, mənzil problemini yalnız bazar həll etməyəcək, dövlət sektoru da mənzil siyasətində aktiv iştirak etməlidir".