Fariz İsmayılzadə: WUF13-ün Bakıda keçirilməsi böyük diplomatik qələbədir

İnfrastruktur
  • 15 may, 2026
  • 11:24
Fariz İsmayılzadə: WUF13-ün Bakıda keçirilməsi böyük diplomatik qələbədir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi böyük diplomatik qələbədir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakı Şəhərsalma Həftəsi çərçivəsində "Davamlı və balanslaşdırılmış şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

O vurğulayıb ki, bu tədbir ölkə üçün strateji əhəmiyyət kəsb edir, çünki o, təkcə ekologiya və şəhərsalma məsələlərini əhatə etmir, həm də diplomatik əlaqələrin genişləndirilməsinə kömək edir.

F.İsmayılzadənin sözlərinə görə, COP29 təcrübəsində olduğu kimi forumun keçirilməsi Azərbaycana bütün dünyada yeni müttəfiqlər və dostlar qazanmağa, diplomatik dividendlər əldə etməyə, xarici siyasət gündəliyini möhkəmləndirməyə və ölkə reallıqları haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa imkan verir.

O, həmçinin qeyd edib ki, bu gün Bakı sülh gündəliyinə və Qarabağın bərpasına köklənib, yenidənqurma və şəhərsalma prosesləri isə regionda uzunmüddətli sabitliyin bərqərar edilməsi üçün ən yaxşı vasitədir: "Düşünürəm ki, bu, dünyaya vacib bir siqnaldır: Azərbaycan ərazi bütövlüyünü bərpa edib və indi yenidənqurma, infrastrukturun bərpası, Qarabağa həyatın qaytarılması vasitəsilə regionda möhkəm sülh qurur".

F.İsmayılzadə əlavə edib ki, dövlət hər il bu məqsədlər üçün milyardlarla manat ayıraraq keçmiş məcburi köçkünlərin yurdlarına uğurlu şəkildə qayıdışını təmin edir: "Ölkənin gündəliyi və Prezident İlham Əliyevin əsas strategiyası "yaşıl zona"lar, ekoloji cəhətdən təmiz ərazilər, "ağıllı şəhərlər", habelə müasir texnologiyaların və beynəlxalq təcrübənin istifadəsi ilə dayanıqlı region yaratmaqdan ibarətdir".

44 - Tezliklə