Faiq Qürbətov: Regionlar təmiz transformasiya və iqlim dayanıqlılığının aparıcı qüvvəsinə çevrilə bilər
- 17 may, 2026
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Regionlar təmiz transformasiya və iqlim dayanıqlılığının aparıcı qüvvəsinə çevrilə bilər.
"Report" xəbər verir ki, bunu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya Assambleyasında deyib.
O, tədbirdə səslənən təşəbbüslərin ənənəvi olaraq kənd təsərrüfatı ilə əlaqələndirilən regionların da təmiz transformasiya və iqlim dayanıqlığının aparıcı qüvvəsinə çevrilə biləcəyini vurğulayıb:
"445 MVt gücündə olan Biləsuvar Günəş Elektrik Stansiyası Azərbaycanın yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir. Xüsusilə vurğulamaq istərdim ki, bu layihənin mühüm sosial təsiri də var. Stansiyanın tikintisi mərhələsində 1000-dən çox yerli sakin iş imkanları ilə təmin olunub. Bu isə məşğulluğun artırılmasına, əhalinin gəlir imkanlarının genişlənməsinə və regionda sosial rifahın yaxşılaşdırılmasına davamlı töhfə verir. Layihə eyni zamanda miqrasiya proseslərinin idarə olunmasına və daha balanslı sosial inkişafın dəstəklənməsinə xidmət edir".
İcra başçısı bu stansiyanın fəaliyyətinin yalnız enerji istehsalı ilə məhdudlaşmadığını qeyd edib:
"Biləsuvar GES həmçinin karbon emissiyalarının azaldılmasına, ekoloji tarazlığın qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində milli səylərin dəstəklənməsinə töhfə verir".
F.Qürbətov bildirib ki, bugünkü iştirakın əsas məqsədi dayanıqlı inkişaf gündəliyində yerli və regional idarəetmənin nə qədər mühüm rol oynadığını bir daha vurğulamaqdır.