“Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 33 % artıb
- 12 yanvar, 2024
- 07:21
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə "Bakı Metropoliteni" QSC “Əlçatan metro” layihəsi çərçivəsində 918 sərnişin daşıyıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 33,2 % çoxdur.
İl ərzində cəmi 7 nəfər sifarişdən imtina edib.
Layihə üzrə sifarişlərin icrası zamanı sərnişini müşayiət edən qrupa daxil əməkdaşlara əlavə təlimatlar keçilib, işin xüsusiyyətləri əsasında sınaqlar təmin edilib. Personalın əlavə texniki qurğularla təchizatı məqsədilə aparılmış monitorinqlər əsasında Rusiya istehsalı olan, müvafiq beynəlxalq sertifikata malik daha iki qurğu alınıb. Bu qurğular eskalator üçün nəzərdə tutulmaqla, texniki cəhətdən digər analoqlarından mobilliyi və təhlükəsizliyinin daha təkmil olması ilə seçilir.
Sərnişin fəallığının artması səbəbi ilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib. Bu istiqamətdə monitorinqlər və texniki imkanların genişləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Ümumiyyətlə, layihə metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də bu xidməti sifariş edə bilərlər. Xidmətdən faydalanmaq istəyənlər 1-24 saat ərzində (050) 268 00 65 mobil rabitə, həmçinin “Bakumetro” (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro) mobil tətbiqindən istifadə edə bilərlər.