Ekspert: "Proaktiv yanaşma olmadan sağlam şəhər qurmaq mümkün deyil"
- 19 may, 2026
- 17:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Proaktiv yanaşma olmadan sağlam şəhər qurmaq mümkün deyil.
"Report" xəbər verir ki, bunu "Lancet" qızdırma və digər arbovirus xəstəlikləri üzrə Komissiyanın nümayəndəsi Linda Lloyd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
"Sağlam bir şəhər evinin nələri ehtiva etməli olduğuna dair faktları bilirik və buna dair mütləq sübutlarımız var. Evə çəkilmiş etibarlı, daimi su kəməri yoxdursa, suyun toplana biləcəyi, saxlanacağı və təhlükəsiz şəkildə istifadə ediləcəyi, ağcaqanadların daxil olmasının qarşısını alan möhürlənmiş bir qab lazımdır. Ağcaqanadların evə daxil olmasının qarşısını almaq üçün torların quraşdırılması və öz-özünə bağlanan qapılar; ağcaqanadları evimizə cəlb edən qoxuları azaltmaq üçün evdə çarpaz havalandırma, ev təsərrüfatında yaranan, həmçinin zibil toplama xidməti olmadığı üçün məhəllələrimizə atılan çoxsaylı kiçik və orta ölçülü qab-qacaqları aradan qaldırmaq üçün həftəlik zibil toplama xidmətləri nəzərə alınmalıdır. Bu qablar hamıya təsir edən ağcaqanadların çoxalma yerlərinə çevrilir", - deyə o qeyd edib.
Bundan başqa, ekspert deyib ki, keçən ay dərc olunmuş çox həyəcanverici sübutlar var: "Tanzaniyada baş tutan layihədə, sağlam evlərdə yaşayan uşaqlarda malariya, tənəffüs yolu infeksiyaları və ishal xəstəliklərinin dərəcələrində çox təsirli azalmalar qeydə alınıb. Bu uşaqlar üç il sonra daha sağlam idilər, həm də ənənəvi evdə yaşayan uşaqlardan daha hündürboylu idilər. Yaxşı, bəs niyə biz sübutlara əsasən hərəkət etməklə uğursuzluğa düçar oluruq? Çünki proqramlar çox vaxt reaktiv olur (hadisə baş verdikdən sonra reaksiya verilir) və gələcəkdə qarşıya çıxacaq bir problemi həll etmək üçün proaktiv (önləyici) olmaq onlar üçün çox çətindir. Bu, bizim məsuliyyətimiz deyil. Bəzən biz gündəlik işimizdə sübutları təcrübəyə necə tətbiq edəcəyimizi belə bilmirik və qərar qəbul etmə prosesinə təsir göstərə bilməyəcəyimizi düşündüyümüz üçün özümüzü laqeyd də hiss edə bilərik".
"Buna baxmayaraq, mən inanıram ki, əgər biz gündəlik işimizi necə yerinə yetirməyimizlə icma cəlbini sosial ədalət vasitəsi kimi istifadə etsək, xəstəliklərin ötürülməsini azaltmağa və sağlam evlərlə məhəllələr yaratmağa təsir göstərə bilərik. Təkcə mən bir sosioloq kimi yox, hamımız. İcma cəlbi bizə tərəfdaşlarımızla körpülər qurmağa imkan verir. Aztəminatlı ərazilərdə yaşayan icmalar, səhiyyə sektorundakı tərəfdaşlarımız, yerli hökumət, bələdiyyə və şəhərsalma mütəxəssisləri - hamımız hər gün əl-ələ verib birlikdə işləməliyik. İcma cəlbini güclü edən cəhət odur ki, bu, bir hadisə və ya birdəfəlik fəaliyyət deyil, davamlı bir prosesdir. Tərəfdaşlarımızla işimiz inkişaf etdikcə və müəyyən etdiyimiz həll yolları təkmilləşdikcə biz də inkişaf edirik", - deyə o qeyd edib.