EIB Bakı Metrosunun modernləşdirilməsinin maliyyələşdirilməsinə layihə ekspertizası başa çatdıqdan sonra baxacaq
- 05 oktyabr, 2026
- 17:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İnvestisiya Bankı (EIB) tərəfindən Bakı Metropoliteninin modernləşdirilməsi proqramının mümkün maliyyələşdirilməsi məsələsinə layihə ekspertizası başa çatdıqdan və bütün lazımi razılaşmalar əldə edildikdən sonra baxılacaq.
Bunu "Report"a müsahibəsində EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita deyib.
Onun sözlərinə görə, indiki mərhələdə Bakı Metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi proqramı hazırlıq və layihə ekspertizası mərhələsindədir.
"EIB bu proqramın hazırlanması, eləcə də planlaşdırılan genişləndirmə və modernləşdirmənin beynəlxalq ekoloji və sosial normalara uyğunluğunun təmin edilməsi üçün texniki yardımın göstərilməsinə vəsait ayırıb", - S.Renita vurğulayıb.
Bununla belə, EIB tərəfindən maliyyələşdirmə ilə bağlı hər hansı bir konkret məbləğ və ya iştirak payı təsdiqlənməyib.
Qeyd edək ki, EIB-nin rəsmi sənədlərinə əsasən, bank Bakı Metropoliteninin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı investisiya proqramının ümumi dəyərinin 50 %-nə qədərini maliyyələşdirə bilər.
Azərbaycan hökumətinin ilkin hesablamalarına görə, paytaxtın metro sisteminin modernləşdirilməsi üçün 2,5-3 milyard avroya qədər vəsait tələb olunacaq.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.