Əfqanıstan su təchizatı sahəsində Azərbaycanın təcrübəsini mənimsəməyi planlaşdırır - EKSKLÜZİV

İnfrastruktur
  • 20 may, 2026
  • 10:06
Əfqanıstan su təchizatı sahəsində Azərbaycanın təcrübəsini mənimsəməyi planlaşdırır - EKSKLÜZİV

Əfqanıstan tullantıların idarə edilməsi və su təchizatının təşkili sahəsində Azərbaycan təcrübəsini mənimsəməyə hazır olduğunu bildirib.

Bu barədə "Report"a Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Həq Xalis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) kuluarlarında məlumat verib.

Milli Agentliyin rəhbərinin qeyd etdiyi kimi, Əfqanıstan və Azərbaycan nümayəndələri WUF13 çərçivəsində, xüsusilə iqtisadi, siyasi və ətraf mühitin mühafizəsi məsələlərinin müzakirəsində yüksək fəallıq göstərirlər.

"Mən şəxsən bu cür tədbirlərdə iştirak etmişəm və onların işində açıq qarşılıqlı əlaqəni qeyd edirəm. Azərbaycan bu sahənin inkişafına əhəmiyyətli resurslar yatırıb və tullantıların idarə edilməsi sahəsində ciddi təcrübə toplayıb. Bu təcrübədən istifadə etmək bizim üçün son dərəcə vacibdir: bu istiqamətdə fəaliyyət göstərən Əfqanıstan şirkətləri və bələdiyyə strukturları onlarla tərəfdaşlıq münasibətləri qurmalıdırlar.

Konfrans iştirakçıları, o cümlədən Azərbaycan tərəfi, konkret vəzifələrlə gəliblər və öz işləmələrini və təqdimatlarını nümayiş etdirməyə hazırdırlar", - M.Xalis vurğulayıb.

Əfqanıstan nümayəndəsi həmçinin diqqəti ona yönəldib ki, ölkəsi bu çağırışların öhdəsindən gəlməkdə tək deyil. "Burada həm qonşu, həm də daha uzaq dövlətlərdən nümayəndələr iştirak edirlər. Tullantıların idarə edilməsi, su resursları ilə təmin olunma və su qıtlığı problemləri kollektiv səylərə ehtiyac duyur. Azərbaycan artıq bu mərhələni keçib və ilk addımları atıb - Azərbaycan tərəfi ilə əməkdaşlıq bizə əhəmiyyətli dəstək göstərəcək", - M.Xalis əlavə edib.

44 - Tezliklə