EBRD: "Özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir"

İnfrastruktur
  • 06 oktyabr, 2026
  • 12:34
EBRD: Özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir

Azərbaycanda özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) direktor müavini, baş direktor Real Hacıyev Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tənzimləyici mühit çox sabitdir: "Həmçinin, hökumət çox güclü fiskal balansa sahibdir. Bu komponentlər artıq mövcuddur. Çatışmayan cəhət isə, özəl investisiyaları layihələrə cəlb etmək və həvəsləndirmək üçün zəruri olan institusional çərçivə, eləcə də beynəlxalq investorların tələblərinə cavab verən layihələrin hazırlanması üçün resurslar və fundamental komponentlərdir. Məsələn, institusional çərçivəyə gəldikdə, adətən Azərbaycan layihələri EPC (layihələndirmə, satınalma və tikinti) müqavilələrinin müəyyən növlərinə üstünlük verirlər. Xüsusilə böyük layihələrdə müqavilə bağlamaq və layihəni təhvil vermək üçün əsasən vahid modelə güvənirlər. Lakin Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) kimi alternativ yollar da var. DÖT çərçivəsində müxtəlif variantlar, eləcə də investorları cəlb etmək üçün fərqli modellər mövcuddur".

R. Hacıyevin fikrincə, əsas vacib məqam odur ki, layihələrin özləri texniki baxımdan fundamental olaraq güclüdür, lakin risklər də tərəflər arasında müvafiq şəkildə bölüşdürülməlidir: "Çoxşaxəli İnkişaf Banklarının (MDB) bu prosesdəki roluna gəldikdə isə, biz institusional səviyyədə hökumətlərə bu boşluqları aradan qaldırmağa, zəruri ekspertizanı təmin etməyə, layihələrin müəyyənləşdirilməsi, işlənilməsi və təhvil verilməsi üçün bu alternativ yolları inkişaf etdirməyə kömək etməyə çalışırıq. Daha aşağı səviyyədə isə, texniki yardım fondları və daxili resurslarımız vasitəsilə bu investisiya layihələrinin hazırlanmasına kömək edirik ki, layihələr hazır olduqda özəl investorlar, borc verənlər və payçı investorlar da onlara sərmayə qoymağa hazır olsunlar".