EBRD Orta Dəhliz çərçivəsində yeni layihələri araşdırır

İnfrastruktur
  • 27 fevral, 2025
  • 19:22
EBRD Orta Dəhliz çərçivəsində yeni layihələri araşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Orta Dəhliz vasitəsilə tranzit daşımalara artan tələbatı nəzərə alaraq, yeni layihələri araşdırmaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir.

Bunu “Report”a müsahibəsində Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze deyib.

“Regional əlaqələrin inkişafı EBRD-nin Azərbaycanda 2025-2030-cu illər üçün əsas prioritetlərindən biridir. Müasir və səmərəli nəqliyyat infrastrukturu ticarətin inkişafında və iqtisadiyyatın şaxələndirilməsində həlledici rol oynayır və biz ölkənin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləməyə hazırıq. Ən az karbon tutumlu nəqliyyat növü olan dəmir yolları dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün xüsusilə vacibdir. Biz görürük ki, Azərbaycan xüsusən də geosiyasi dəyişikliklər fonunda strateji əhəmiyyət kəsb edən Orta Dəhliz boyunca öz tranzit potensialını fəal şəkildə genişləndirir. Bu marşrut regional inteqrasiya və ticarət əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açır”, - o bildirib.

EBRD dəmir yolu şəbəkəsinin, multimodal daşımaların, logistika hablarının və liman infrastrukturunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır.

“İnvestisiyalarla yanaşı, biz nəqliyyat sektorunun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş islahatları və təşəbbüsləri də dəstəkləməyə hazırıq. Əminik ki, birgə səylər ölkənin qlobal logistika sistemindəki rolunu gücləndirməyə kömək edəcək və biz bu sahədə gələcək əməkdaşlığa hazırıq”, - nümayəndəliyin rəhbəri əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının effektivliyini artırmaq məqsədilə "Middle Corridor Multimodal Ltd." adlı birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. Marşrutun inkişafı çərçivəsində görülən tədbirlər nəticəsində 2027-ci ilə qədər onun ötürmə qabiliyyətinin 10 milyon tona çatacağı gözlənilir.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.