Dünya Bankının yol layihəsinə dair kreditinin şərtləri açıqlanıb
- 01 noyabr, 2021
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı qrupuna üzv olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının “Region yolları və inkişaf” layihəsinə ayırdığı kreditin qaytarılmasına Azərbaycan hökuməti 2025-ci ilin oktyabrın 15-dən başlayacaq.
“Report” kredit sazişinə istinadən xəbər verir ki, bu ilin oktyabrın 26-da imzalanan kredit sazişinə görə 2031-ci ilin oktyabr ayınadək kredit dərəcəsi 7,14 %, 2032-ci ilin aprel ayından etibarən isə 7,18 % təşkil edəcək. 4 illik güzəştli müddəti nəzərə alaraq 11 ilə ayrılan kredit üzrə əsas borc ödəmələri ildə iki dəfə - 15 aprel və 15 oktyabr tarixlərində həyata keçiriləcək.
Cari ilin may ayında Dünya Bankı Direktorlar Şurası Azərbaycanda yeni yol layihəsinin icrası üçün hökumətə 65 milyon ABŞ dolları həcmində kredit verilməsini təsdiqləyib. Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dolları təşkil edir və reallaşması 2026-cı ilin martın 31-dək nəzərdə tutulub.
Kredit vəsaiti Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Salyan-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək.
Layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin edəcək və əhalinin bazara çıxışını yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinin xidmətlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcək
Layihə üç əsas istiqamətdə maliyyələşdiriləcək. Birincisi, yollara və yardımçı kənd təsərrüfatı və logistika infrastrukturuna investisiya qoyuluşları modernləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirinin maksimum dərəcədə artırılması məqsədilə bazarın əlçatan olmasına kömək edəcək.
İkincisi, layihə yol şəbəkəsinin idarə edilməsi sistemlərinin hazırlanmasına texniki yardımın göstərilməsi və istifadəçilərdən rüsumun tutulması variantlarının öyrənilməsi və s. vasitəsilə yol sektorunda səmərəliliyi və maliyyə dayanıqlığını dəstəkləyəcək.
Üçüncüsü, layihə yolüstü logistikanın və bazar obyektlərinin layihələndirilməsini və təşkilini, eləcə də yerli cəmiyyətlər üçün gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə yerli sahibkarlara təlimlərin keçirilməsini dəstəkləyəcək.
Dünya Bankına 1992-ci ildən qoşulan Azərbaycan ötən müddət ərzində bu qurumdan 50-dən artıq layihə üçün 4,4 milyard ABŞ dolları həcmində kreditl resursları cəlb edib.