Dosent: "Binaların və şəhər mühitinin psixologiyaya təsiri elmi mövzudur"

İnfrastruktur
  • 21 may, 2026
  • 14:20
Dosent: Binaların və şəhər mühitinin psixologiyaya təsiri elmi mövzudur

Şəhərsalma sadəcə binaların tikilməsi və ya infrastrukturun qurulmasından ibarət deyil.

"Report" xəbər verir ki, bunu ADA Universitetinin dosenti, şəhərsalma üzrə planlaşdırıcı Anar Vəliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, o, memarlıq elminin daxilindəki bir çox fərqli sahələri özündə birləşdirən kompleks bir yanaşmadır: "Biz çox vaxt memarlıqdan danışarkən bunu yalnız "nə isə tikmək" kimi sadə bir proses kimi təsəvvür edirik: sanki bir bina inşa olunur və məsələ bununla bitir. Lakin son 20–30 ildə şəhərsalma tədqiqatları dar çərçivədən çıxaraq sosiologiya, politologiya, siyasət analizi, antropologiya kimi müxtəlif elmlərlə kəsişən bir sahəyə çevrilib. Son dövrlərdə urbanizm ilə neyroelm arasındakı əlaqələr də daha dərindən araşdırılmağa başlanıb. Artıq aydındır ki, binaların və şəhər mühitinin insan psixologiyasına təsiri ciddi elmi mövzudur. Biz uzun müddət məkanların insanların emosional vəziyyətinə necə təsir etdiyini - məsələn, səs-küy, hərəkət rahatlığı və ya gəzinti şəraiti kimi faktorları - kifayət qədər nəzərə almamışıq".

44 - Tezliklə