Dosent: "Bakı inkişaf etməkdə olan Cənub şəhərinin real nümunəsidir"

İnfrastruktur
  • 19 may, 2026
  • 18:29
Dosent: Bakı inkişaf etməkdə olan Cənub şəhərinin real nümunəsidir

Bakı postsovet və yaxud postkommunist şəhərlərdən birindən inkişaf etməkdə olan Cənub şəhərlərinə çevrilməsinin real nümunəsidir.

"Report" xəbər verir ki, bunu "ADA" Universitetinin dosenti Anar Vəliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.

"Azərbaycanın son 30 ildə qazandığı təcrübə bizim hər zaman hansısa bir nümunə tapmağa çalışdığımızı göstərib. ​Beləliklə, biz müstəqillik qazananda, müəyyən inkişaf modellərinə baxmağa çalışdıq. Və bu bənzəmə modellərindən biri çox vaxt Dubay olurdu. Niyə Dubay? Çünki Dubay ən sürətlə böyüyən şəhərlərdən biri idi. 30 il ərzində o, dünyanın ən böyük, mən deyərdim ki, qlobal şəhərlərindən birinə çevrildi. Elə buna görə də Dubay modeli təkcə bizim üçün, xüsusən də Bakı üçün deyil, həm də keçmiş Sovet İttifaqı respublikalarının bir çox şəhərləri üçün cəlbedici idi. Lakin sonradan bəlli oldu ki, Dubay modeli və ya bənzəməyə çalışdığımız hər hansı digər model - London, Praqa, Varşava və ya digərləri - bizim mühitdə işləmir. Bu, bizim bunu edə bilməyəcəyimiz üçün deyil, yerli xüsusiyyətlərin tamamilə fərqli olması səbəbindəndir.

​Beləliklə, bu möhtəşəm binaların inkişafına, imic xarakterli tikililərə, nəhəng konstruksiyalara və obyektlərə bənzəməyə çalışılan uzun illərdən sonra biz şəhərin daxilində hansısa bir kimlik tapmağa yönəldik. Daha çox orijinal, fərqli bir şey haqqında düşünməyə başladıq. Elə buna görə də, hazırda şəhərə baxdıqda binaların müxtəlifliyini görə bilərsiniz. Siz göydələnləri, bu cür həqiqətən möhtəşəm binaları görə bilərsiniz, lakin eyni zamanda, şəhərin mərkəzində inkişafa yanaşmanın daha orijinal, fərqli olduğunu görərsiniz. Bir çox inkişaf etmiş ölkələrdə gördüyümüz o möhtəşəm binalara bənzəməyə çalışmaqdansa, inkişafa milli kimliyə əsaslanan nəsə gətirməyə çalışılır", - deyə o qeyd edib.

A.Vəliyevin sözlərinə görə, Azərbaycanda ictimai məkanların əsas problemi memarlığın olması, urbanizmin olmamasıdır: "Ölkədə tikinti yanaşması, xüsusən də ictimai məkanlarda və gənc nəsil üçün nəzərdə tutulan müəyyən növ məkanlarda bir az fərqlidir. Belə ki, ictimai məkanları inşa edən memarların çoxu ya kişilərdir, ya da Sovet dövründən qalma yaşlı nəslin nümayəndələridir. Və onların əksəriyyəti urbanist deyil, memardır. Mən həmişə memarlarla buna görə mübarizə aparıram, çünki hər zaman deyirəm ki, memarlar müəyyən növ binanı və ya onun hansısa əsas hissəsini mükəmməl şəkildə tikə bilərlər. Lakin oranı canlı etmək üçün urbanistə ehtiyac var. ​Bizim üçün ən böyük çətinlik ondan ibarətdir ki, biz hələ də urbanizmin nə olduğunu, urbanistin kim olduğunu başa düşmürük və tikinti, parkinq, bina və ya hər nə olursa olsun, bütün işlərin memarlar tərəfindən layihələndirilməsinə etibar edirik. Memarlar müəyyən növ tikinti və mühəndislik işlərini mükəmməl şəkildə yerinə yetirə bilərlər. Yeri gəlmişkən, Azərbaycandakı memarların əksəriyyəti mühəndis-tikinti mütəxəssisləridir. Beləliklə, onlar mühəndislik nöqteyi-nəzərindən bunu mükəmməl edə bilirlər. Lakin məsələyə sosial prizmadan - sosiologiya və ya antropologiya baxımından yanaşsaq, məkanı canlandırmaq üçün bizə lazım olan məhz budur".

"Bir çox hallarda parklara və ya ictimai məkanlara baxsanız, görərsiniz ki, gənc nəslin ehtiyaclarını yalnız son vaxtlar nəzərə almağa başlamışıq. Yəni parkları və ya xüsusi məkanları təkcə yaşlı insanlar üçün tikmək əvəzinə, əyləncə, piknik və digər fəaliyyətlər üçün məkanlar yaradırıq. Çünki bizim yanaşmamızda parklar yalnız uşaqlı analar və ya yaşlı nəsil üçün nəzərdə tutulmalı idi, gənclər üçün yox. Düşünürəm ki, bu yanaşma yavaş-yavaş dəyişir və məncə, COVID də bir tərəfdən buna təkan verdi; insanlar evdə oturmaqdansa, çölə çıxmağa qərar verdilər, çölə çıxmaq istədilər və bu səbəbdən də hazırda müəyyən bir irəliləyiş yaşanmaqdadır"