Dmitro Şlapaçenko: Şəhər inkişafı və iqlim fəaliyyəti ayrılmazdır
- 08 sentyabr, 2026
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlimə dayanıqlı şəhər inkişafı ambisiyalardan praktiki icraya keçidi tələb edir.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində bildirib.
O qeyd edib ki, dayanıqlı şəhər inkişafı və iqlim fəaliyyəti ayrılmazdır, şəhərlərə isə təkcə iqlim dəyişikliyinin fəsadlarına həssas olan ərazilər kimi deyil, həm də iqlim həllərinin, innovasiyaların, dayanıqlığın artırılmasının və inklüziv artımın hərəkətverici qüvvələri kimi baxılmalıdır.
Onun fikrincə, COP31-ə gedən yolda əsas çağırışlardan biri iqlim ambisiyalarından onların praktiki icrasına keçiddir.
"Milli iqlim öhdəlikləri şəhər inkişafı strategiyalarında, məkan planlaşdırılmasında, infrastruktura investisiya qoyuluşunda və yerli səviyyədə qərarların qəbul edilməsində öz əksini tapmalıdır", - Şlapaçenko vurğulayıb.
BMT-nin rezident-əlaqələndiricisinin sözlərinə görə, bu ilin may ayında keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun yekunlarına əsasən qəbul edilmiş Bakı Fəaliyyətə Çağırış inteqrasiya olunmuş şəhər planlaşdırmasını, dayanıqlı infrastrukturu, təbiətə əsaslanan həlləri, yaşıl tikintini, iqlim maliyyələşdirilməsini, rəqəmsal innovasiyaları və çoxsəviyyəli idarəetməni əhatə edən mühüm yol xəritəsidir.
"Universal həll yolu yoxdur. Buna görə də müxtəlif ölkələrin ən yaxşı təcrübələrini birləşdirməliyik ki, hər kəs uğurlu təcrübədən faydalana bilsin", - o bildirib.
O, həmçinin milli əlaqələndirici vəzifəsinin yaradılmasında Azərbaycanın təcrübəsinin vacibliyini qeyd edib və digər ölkələrdə də bu cür vəzifələrin təsis edilməsinin və müvafiq şəbəkənin formalaşdırılmasının faydalı olacağını bildirib.
Şlapaçenko qeyd edib ki, UN-Habitat başda olmaqla BMT-nin Azərbaycandakı ölkə komandası şəhər iqlim gündəliyinin təşviq edilməsi, potensialın inkişaf etdirilməsi, texniki yardımın göstərilməsi, bilik mübadiləsi və tərəfdaşlıqların gücləndirilməsi istiqamətində ölkə hökumətini dəstəkləməyə davam edəcək.