DLP: "Bir pəncərə" sistemi resurslardan daha səmərəli istifadəyə imkan verir

İnfrastruktur
  • 03 iyun, 2026
  • 12:59
DLP: Bir pəncərə sistemi resurslardan daha səmərəli istifadəyə imkan verir

"Bir pəncərə" yanaşmasının əsas məqsədi dövlət qurumları, biznes subyektləri və beynəlxalq ticarət əməliyyatlarının digər iştirakçıları arasında məlumat mübadiləsini sadələşdirmək, prosesləri sürətləndirmək və xidmətlərin izlənilməsini təmin etməkdir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının (Digital Logistics Platform - DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

"Bu yanaşma proseslərin optimallaşdırılmasına, kağız üzərində sənəd dövriyyəsinin azaldılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verir. Sahibkarlar bizim platformada vahid müraciət əsasında beynəlxalq ticarət əməliyyatlarında tələb olunan sənədlərə çıxış əldə edəcəklər. Hazırda iş adamları Ticarət Bələdçisi alt sistemi ilə 7 mindən çox məhsulun idxal, ixrac və tranzit proseslərində tələb olunan icra mərhələləri ilə tanış ola, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin xidməti olan Fumiqasiya Aktını elektron formada əldə edə bilərlər. Bununla yanaşı, avtonəqliyyat vasitələri sahibləri üçün "E-Permit" (Elektron İcazə Blankı)-na müraciət etmək imkanı da yaradılıb", - deyə o qeyd edib.

"Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsini (CMR) DLP vasitəsilə yarada bilərlər. Fitosanitar sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektron qaydada alınması üzrə işlər tamamlanmaq üzrədir və bu xidmətlər tezliklə istifadəyə veriləcək. Sözügedən xidmətlər XİF iştirakçılarının qarşılıqlı əlaqəsini gücləndirməyə, proseslərin daha da sürətlənməsinə yardımçı olmağı hədəfləyir. Rəqəmsal transformasiya tədbirlərinin növbəti mərhələsi çərçivəsində idxal və tranzit proseslərinin rəqəmsallaşdırılması və müvafiq xidmətlərin Platforma üzərindən istifadəyə təqdim edilməsi planlaşdırılır", - deyə o qeyd edib.

44 - Tezliklə