D-8 Baş katibi: "Sürətli urbanizasiya enerji tələbatı və şəhər infrastrukturu üzərində ciddi təzyiq yaradır"

İnfrastruktur
  • 19 may, 2026
  • 16:08
D-8 Baş katibi: Sürətli urbanizasiya enerji tələbatı və şəhər infrastrukturu üzərində ciddi təzyiq yaradır

Dünyada sürətli urbanizasiya mənzil sistemləri, nəqliyyat infrastrukturu, su təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması, ərzaq sistemləri və enerji tələbatı üzərində təzyiqi artırır.

"Report" xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmood Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda bildirib.

Onun sözlərinə görə, D8 təşkilatı 1,28 milyard nəfərlik demoqrafik gücü və 5 trilyon ABŞ dollarından artıq ümumi ÜDM-ni təmsil edir: "D8 üzvləri əsasən gənc əhaliyə malikdir, strateji coğrafi mövqedə yerləşir, artan sənaye və texnoloji potensiala sahibdir və günəş, hidro, külək, geotermal enerji, eləcə də yaşıl hidrogen daxil olmaqla böyük bərpa olunan enerji resurslarına malikdir".

O əlavə edib ki, sürətli urbanizasiya mənzil sistemləri, nəqliyyat infrastrukturu, su təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması, ərzaq sistemləri və enerji tələbatı üzərində təzyiqi artırır: "Sürətli şəhər artımı eyni zamanda iqlimə qarşı həssaslığın artması ilə paralel gedir. Dünya Bankının məlumatına görə, inkişaf etməkdə olan ölkələrin iqlim və inkişaf məqsədlərinə çatması üçün 2030-cu ilə qədər trilyonlarla dollar həcmində dayanıqlı şəhər infrastrukturu investisiyalarına ehtiyacı olacaq".

S.Mahmood deyib ki, hazırda dünya əhalisinin təxminən 56 %-i şəhər ərazilərində yaşayır: "Bu göstəricinin 2050-ci ilə qədər təxminən 70 %-ə çatacağı proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, şəhər infrastrukturu, soyutma sistemləri, nəqliyyat və rəqəmsal xidmətlərdən irəli gələn qlobal elektrik enerjisi tələbatı, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, 2050-ci ilə qədər 75 %-dən çox artacaq".

44 - Tezliklə