Cəlilabadın Moranlı kəndində işıq dirəkləri çürüyüb, elektrik naqilləri təhlükə mənbəyinə çevrilib - YENİLƏNİB

İnfrastruktur
  • 28 noyabr, 2022
  • 11:45
Cəlilabadın Moranlı kəndində işıq dirəkləri çürüyüb, elektrik naqilləri təhlükə mənbəyinə çevrilib - YENİLƏNİB

Moranlı kəndində elektrik dirəklərinin və naqillərinin layihələndirmə işləri aparılıb.

Bu barədə "Report"un yerli bürosuna "Azərişıq" ASC-dən bildirilib.

Qeyd edilib ki, son il yarım ərzində təkcə Cəlilabad rayonu ərazisində 12 kənddə işlər yekunlaşıb və elektrik təsərrüfatı tamamilə yenidən qurulub.

"10 kənddə isə işlər yekunlaşmaq üzrədir. Ümumilikdə, 20-dən çox kənddə elektrik təsərrüfatı yenidən qurulur və bu işlər mütəmadi olaraq bundan sonra da davam etdiriləcək", - məlumatda bildirilib.

12.13

Cəlilabad rayonunun Moranlı kəndinin elektrik təsərrüfatı bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna yaşayış məntəqəsinin sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bir neçə ildir kəndin elektrik xətləri istismara yararsız vəziyyətdədir və dirəklər hər an aşa bilər.

Sakinlər deyirlər ki, əvvəldən taxta-şalban materiallarından hazırlanan işıq dirəkləri çürüdüyündən təhlükəyə çevrilib. Bundan əlavə, naqillərin qırıq-qırıq olması tez-tez təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda rayonun bir çox kəndinin ərazisində elektrik təsərrüfatının yenilənməsi işləri gedir: "İnvestisiya proqramı çərçivəsində Moranlı kəndinin də elektrik təsərrüfatı yenidən qurulacaq".

Amma bu işlərə nə vaxt başlanacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Moranlı kəndi rayon mərkəzindən, təxminən, 30 kilometr məsafədə yerləşir.