Cəlilabadın Fətullaqışlaq kənd sakinləri əsas yolun yararsız vəziyyətindən şikayət ediblər
- 22 sentyabr, 2025
- 13:51

Cəlilabad rayonu Fətullaqışlaq kəndinin sakinləri gündəlik istifadələrində olan yolun yararsız vəziyyətə düşdüyünü bildiriblər.
"Report"un Muğan bürosuna müraciət edən kənd sakinləri yolun təmiri üçün aidiyyəti qaydada müraciət edildiyini deyiblər.
Onların sözlərinə görə, təqribən 60 ailənin yaşadığı kəndin yol problemi sakinlərin hərəkətini xeyli çətinləşdirib.
"Əvvəl kənddəki əhalinin sayı daha çox idi. Lakin bəzi sakinlər məhz bu problemə görə başqa kəndlərə köçüblər. Yol həqiqətən çox bərbad vəziyyət düşüb, gediş-gəliş həddən artıq çətinləşib. Bir az yağış yağan kimi yolda hərəkət edə bilmirik. Ən çox da qocalar və məktəblilər əziyyət çəkir. Ağır xəstəmiz olanda da həkimə vaxtında çatdıra bilmirik. Ümid edirik ki, bu problem tezliklə həll olacaq".
Məsələ ilə bağlı "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Fətullaqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən yolun bərpasının investisiya proqramına daxil edilməsi üçün artıq aidiyyəti qaydada müraciət olunub.